languageIcon
search
search
brightness_1 Yeməyə başlayarkən «Bismilləh» (Allahın adı ilə!) demək.

Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) himayəsi altında böyüyən bir uşaq idim. Yemək yeyəndə mən əlimi qabın hər tərəfinə uzadardım. (Bir dəfə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə belə dedi: “Balaca, «Bismilləh» de, özün də sağ əllə və öz qabağından ye!” O gündən bəri mən yeməyi ancaq bu qaydada yeyirəm” (əl-Buxari: 5376; Müslim: 2022).

Yeməyə başlayarkən «Bismilləh» deməyi unudan «Bismilləhi əvvələhu və axirahu» (Əvvəlində də, axırında da Allahın adı ilə) desin.

Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilir: “Sizdən biriniz yeməyə başladıqda Allahın adı ilə («Bismilləh» deyərək) başlasın! Əgər əvvəlində deməyi unutsa, o halda desin: «Bismilləhi fi əvvəlihi və axirihi» (Əvvəlində də, axırında da Allahın adı ilə!)” (Əbu Davud: 3767; ət-Tirmizi: 1858; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir).

İnsan yeməyi sağ əllə yeməlidir ki, şeytana bənzəməsin. Çünki şeytan sol əllə yeyər və içər. Həmçinin əgər müsəlman yeməyə başladıqda «Bismilləh» deməzsə, o halda da şeytan onun yeməyinə şərik olar.

Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Sizdən heç kim sol əli ilə yeməsin və sol əli ilə içməsin! Çünki şeytan sol əli ilə yeyər və sol əli ilə içər.” Nafi (Allah ona rəhmət etsin) həmin hədisə bunu da əlavə etmişdir: “Sol əli ilə almasın və sol əli ilə verməsin!” (Müslim: 2020).

Həqiqətən də şeytan evələrə daxil olub orada gecələməyə, həmçinin oradakı yeməyə və içməyə şərik olmağa çox hərisdir. Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Evinə girən adam içəri daxil olduqda və yeməyə başladıqda Allahı zikr edərsə, şeytanlar deyərlər: “Sizin nə gecələməyə yeriniz, nə də şam yeməyiniz var!” Yox əgər evə daxil olduqda və yeməyə başladıqda Allahın adını zikr etməsə, şeytanlar deyər: “Budur qalmağa yeriniz və budur yeməyə şam yeməyiniz” (Müslim: 2018).

brightness_1 Yeməyi bəyəndikdə onu tərifləmək.

Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir: “(Bir gün) Peyğəmbər (salləllahu aleyhi və səlləm) ev əhlindən yeməyə bir şey istədikdə ona dedilər: “Evdə (quru çörəklə) yemək üçün ‘‘əll-udumulxəl’’ dən başqa heç nə yoxdur”. O da ondan yeməyə başlayıb dedi: “Necə də gözəl təamdır ‘‘əl-udumul-xəl’’, necə də gözəl təamdır ‘‘əludumul-xəl’’ ” (Müslim: 2052).

‘‘Əl-udumul-xəl’’: O zamanlar quru çörəyi batırıb yemək üçün sirkəyə oxşar mət şirə.

Bu haqda şeyximiz İbn Useymin (Allah ona rəhmət etsin) belə söyləmişdir: ‘‘Həmçinin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi əməllərdən ki, yediyi təam xoşuna gəldikdə onu tərifləyərdi. Ona görə yediyi çörəyi bəyənən kimsə ‘‘Necə də gözəl çörəkdir!’’ və ya buna oxşar ifadələr işlətsə, o zaman o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsinə riayət etmiş sayılır ’’ (Bax: «Şərhu Riyadus-Salihin», 2/1057).

Lakin diqqət yetirsək görərik ki, dövrümüzdəki bəzi insanlar, nəinki Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu sünnəsinə əməl etmirlər, əksinə onun ziddinə gedərək yedikləri təamları pisləyirlər.

Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt heç bir yeməyi pisləməzdi. Yemək xoşuna gəldikdə onu yeyər, əks halda onu tərk edərdi” (əl-Buxari: 3563; Müslim: 2064).