Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) himayəsi altında böyüyən bir uşaq idim. Yemək yeyəndə mən əlimi qabın hər tərəfinə uzadardım. (Bir dəfə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə belə dedi: “Balaca, «Bismilləh» de, özün də sağ əllə və öz qabağından ye!” O gündən bəri mən yeməyi ancaq bu qaydada yeyirəm” (əl-Buxari: 5376; Müslim: 2022).
Yeməyə başlayarkən «Bismilləh» deməyi unudan «Bismilləhi əvvələhu və axirahu» (Əvvəlində də, axırında da Allahın adı ilə) desin.
Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilir: “Sizdən biriniz yeməyə başladıqda Allahın adı ilə («Bismilləh» deyərək) başlasın! Əgər əvvəlində deməyi unutsa, o halda desin: «Bismilləhi fi əvvəlihi və axirihi» (Əvvəlində də, axırında da Allahın adı ilə!)” (Əbu Davud: 3767; ət-Tirmizi: 1858; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir).
İnsan yeməyi sağ əllə yeməlidir ki, şeytana bənzəməsin. Çünki şeytan sol əllə yeyər və içər. Həmçinin əgər müsəlman yeməyə başladıqda «Bismilləh» deməzsə, o halda da şeytan onun yeməyinə şərik olar.
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Sizdən heç kim sol əli ilə yeməsin və sol əli ilə içməsin! Çünki şeytan sol əli ilə yeyər və sol əli ilə içər.” Nafi (Allah ona rəhmət etsin) həmin hədisə bunu da əlavə etmişdir: “Sol əli ilə almasın və sol əli ilə verməsin!” (Müslim: 2020).
Həqiqətən də şeytan evələrə daxil olub orada gecələməyə, həmçinin oradakı yeməyə və içməyə şərik olmağa çox hərisdir. Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Evinə girən adam içəri daxil olduqda və yeməyə başladıqda Allahı zikr edərsə, şeytanlar deyərlər: “Sizin nə gecələməyə yeriniz, nə də şam yeməyiniz var!” Yox əgər evə daxil olduqda və yeməyə başladıqda Allahın adını zikr etməsə, şeytanlar deyər: “Budur qalmağa yeriniz və budur yeməyə şam yeməyiniz” (Müslim: 2018).
Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Həqiqətən şeytan insana hər bir işində yaxınlaşar. Hətta yemək yedikdə də gələr. Əgər (yemək yeyərkən) birinizin əlindən tikəsi yerə düşərsə, qoy onu təmizləyib yesin, şeytana buraxmasın! Yeməyini bitirdikdə isə barmaqlarını yalasın, çünki bərəkətin hansı loxmada olduğunu bilmir” (Müslim: 2033).
Əgər hədisdə keçən “Həqiqətən şeytan insana hər bir işində yaxınlaşar…” ifadəsinə diqqət etsək görərik ki, şeytan hər bir cəhdlə insanı hər növ xeyir-bərəkətdən məhrum etməyə çalışır.
Yeməyi bitirdikdə barmaqları (dəsmal, salfet və s. ilə) silməmişdən əvvəl dilin ucu ilə yalamaq və ya bunu öz zövcəsinə etdirmək sünnədir.
Bunun sübutu az öncə qeyd etdiyimiz Cabir ibn Abdullahın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir.
Həmçinin İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Biriniz yemək yedikdə əlini yalamayınca və ya (əhli-əyalına) yalatdırmayınca onu (heç nəyə) silməsin” (əl-Buxari: 5456; Müslim: 2033).
Yəni yemək yeyilən qabın dibini siyirmək. Məsələn, insan düyü yedikdə sünnədəndir ki, yemək qabını siyirib orda qalanı yesin. Çünki bərəkət son tikədə ola bilər. Yəni yemək yeyilən qabın dibini siyirmək. Məsələn, insan düyü yedikdə sünnədəndir ki, yemək qabını siyirib orda qalanı yesin. Çünki bərəkət son tikədə ola bilər.
Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) yemək yediyimiz qabın dibini siyirməyi bizə əmr etdi” (Müslim: 2034).
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan başqa bir hədisdə deyilir: “Qablarınızda qalan yeməyi siyirin” (Müslim: 2035).
İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: ‘‘Təəssüflər olsun ki, insanların, hətta elm tələbələrinin də unutduğu sünnələrdən biri də qabda qalan yeməyin barmaqlarla siyirilib yeyilməsidir’’ (Bax: «Şərhu Riyadus-Salihin», 1/892).
Suyu və ya digər içəcəkləri üç nəfəsə içmək sünnətdir.
Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) (su içərkən) üç dəfə nəfəs alardı və deyərdi: “Bu cür etmək daha faydalı, daha xoş və daha şəfalıdır”. Ənəs dedi: “Mən də (su) içərkən üç dəfə nəfəs alıram” (əl-Buxari: 5631; Müslim: 2028).
Lakin bilmək lazımdır ki, nəfəs alarkən içiləcək qabı ağızdan uzaqlaşdırmaq lazımdır, çünki qaba nəfəs alıb-vermək məkruh əməldir. Əbu Qatədədən rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən biriniz (su və s.) içərkən nəfəsini qaba alıb verməsin” (əl-Buxari: 5630; Müslim: 267).
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu
aleyhi və səlləm) buyurmuşdur: “Allah yeməyini bitirdikdən sonra Ona həmd
edən qulundan razı qalar. Həmçinin (su və s.) içdikdən sonra Ona həmd edən
qulundan razı qalar” (Müslim: 2743).
1)«Əlhəmdulilləhi lilləhi həmdən kəsiran tayyibən mubarakən fihi ğayra məkfiyyun və lə muvəddəin və lə mustəğnən anhu Rabbənə» (Rəbbimiz Allaha həmd olsun! (Özü də) çoxlu, xoş, mübarək, sonsuz, ardı-arası kəsilməyən, onsuz keçinmək mümkün olmayan həmd!) (əl-Buxari: 5458).
2)«Əlhəmdulilləhi-l-ləzi kəfanə və ərvanə ğayra məkfiyyun və lə məkfurin» (Ehtiyacımızı ödəyən və susuzluğumuzu yatıran Allaha həmd olsun, (özü də) sonsuz və inkar olunmayan həmd!) (əl-Buxari: 5459).
Yeməyi (şəraitə uyğun olaraq) camaat şəklində yemək sünnə əməllərdəndir.
Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan və atasından razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Bir nəfərin yeməyi iki nəfərə bəs edər, iki nəfərin yeməyi isə dörd nəfərə bəs edər, dörd nəfərin yeməyi də səkkiz nəfərə bəs edər” (Müslim: 2059).
Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir: “(Bir gün) Peyğəmbər (salləllahu aleyhi və səlləm) ev əhlindən yeməyə bir şey istədikdə ona dedilər: “Evdə (quru çörəklə) yemək üçün ‘‘əll-udumulxəl’’ dən başqa heç nə yoxdur”. O da ondan yeməyə başlayıb dedi: “Necə də gözəl təamdır ‘‘əl-udumul-xəl’’, necə də gözəl təamdır ‘‘əludumul-xəl’’ ” (Müslim: 2052).
‘‘Əl-udumul-xəl’’: O zamanlar quru çörəyi batırıb yemək üçün sirkəyə oxşar mət şirə.
Bu haqda şeyximiz İbn Useymin (Allah ona rəhmət etsin) belə söyləmişdir: ‘‘Həmçinin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi əməllərdən ki, yediyi təam xoşuna gəldikdə onu tərifləyərdi. Ona görə yediyi çörəyi bəyənən kimsə ‘‘Necə də gözəl çörəkdir!’’ və ya buna oxşar ifadələr işlətsə, o zaman o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsinə riayət etmiş sayılır ’’ (Bax: «Şərhu Riyadus-Salihin», 2/1057).
Lakin diqqət yetirsək görərik ki, dövrümüzdəki bəzi insanlar, nəinki Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu sünnəsinə əməl etmirlər, əksinə onun ziddinə gedərək yedikləri təamları pisləyirlər.
Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt heç bir yeməyi pisləməzdi. Yemək xoşuna gəldikdə onu yeyər, əks halda onu tərk edərdi” (əl-Buxari: 3563; Müslim: 2064).
Rəvayət edilir ki, Abdullah ibn Busr (Allah ondan razı olsun) demişdir: “(Bir gün) Peyğəmbər (salləllahu aleyhi və səlləm) atamın evinə gəldi. Onun önünə yemək və ‘‘vatbə’’ (tərc. – qida növü) qoyduq, o da ondan yedi. Sonra ona xurma verildi, o da onu yeyərkən tumlarını iki barmağı – şəhadət və orta – arsında saxlayırdı. Daha sonra ona içəcək verildi, o da bir az içib qabı sağ tərəfində olan şəxsə ötürdü… (Gedəndə) atam onun miniyinin yedəyindən tutaraq dedi: «Bizim üçün Allaha dua et». O da (dua edib) dedi: «Allahummə barik ləhum fi mə razəqtəhum, vəğfir ləhum, vərhəmhum» (Allahım! Onlara verdiyin rüzini bərəkətli et, onları bağışla və onlara rəhm et!)” (Müslim: 2042).
İçdikdən sonra həmin içki bardağının soldan öncə sağ tərəfdəki şəxsə verilməsi sünnədir.
Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) içməyə süd verildi, o da ondan içdi. Həmin vaxt solunda Həzrəti Əbu Bəkr, önündə Həzrəti Ömər, sağında da bir bədəvi oturmuşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) süd bardağını ağzından çəkəndə Həzrəti Ömər Əbu Bəkri ona göstərərək dedi: ‘‘Ya Rəsulullah, budur Əbu Bəkr’’. (Lakin) Peyğəmbər süd bardağını Əbu Bəkr və Ömərdən öncə bədəvi ərəbə verib dedi: «Öncə sağdakılar, öncə sağdakılar, öncə sağdakılar.” Ənəs demişdir: “Sünnə olan budur, sünnə olan budur, sünnə olan” (əl-Buxari: 2571; Müslim: 2029).
Camaata su paylayanın özünün axırda içməsi sünnə əməldir.
Əbu Qatədən (Allah ondan razı olsun) rəvayət edilən uzun hədisdə deyilir: “…Peyğəmbər (salləllahu aleyhi və səlləm) camaata su süzüb paylayırdı. Orada olanlar hamı sudan içdi və içməyən yalnız mən və Allah Rəsulu qaldı.
Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bardağı bir daha doldurub (mənə uzadaraq) dedi: “Sən də iç!” Mən isə dedim: “Ya Rəsulallah, sən içməyincə mən içə bilmərəm” (Onda) Allah Rəsulu dedi: “Camaata su paylayan özü axırda içməlidir” (Müslim: 681).
Qeyd: Süd içdikdən sonra yığılmış yağı təmizləmək üçün ağzı su ilə yaxalamaq sünnədir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) süd içdikdən sonra bir bardaq su istədi və onunla ağzını yaxalayıb dedi: “Həqiqətən o, yağlıdır” (əl-Buxari: 211; Müslim: 358).
Əvvəlki bölümlərdə qeyd etdik ki, gecə düşdükdə «Bismilləh» deyərək (örtülə bilən) qabların ağzını örtmək sünnədir.
Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Qab-qacağın üstünü örtün və su tuluqlarının ağzını bağlayın! Çünki ildə bir gecə vardır ki, həmin gecə vəba xəstəliyi yer üzünə enir, sonra da üstündən keçdiyi elə bir ağzı açıq tuluq və elə bir üstü açıq qab qalmır ki, onun içinə girməmiş olsun”. (Müslim: 2014)
Cabirdən (Allah ondan razı olsun) rəvayət olunan başqa bir hədisə deyilir: “Yatağınıza girməzdən öncə Allahın adını zikr edərək su tuluqlarınızın ağzını bağlayın. Allahın adını zikr edərək qabqacağınızın da ağzını, hətta üstünə bir şey qoymalı olsanız belə, örtün…” (əl-Buxari: 5623).